Əməkdar müəllim: “Gənc nəsil bu tarixi seçkinin əhəmiyyətini dərindən dərk edir”
“Uzun illər şagirdlərimizə tarixi və əzəli
torpaqlarımız olan Qarabağdan kədərli şəkildə söz açırdıq. İşğalda qalan bölgələrimizə
yenidən həyatın qayıdacağı barədə danışırdıq. Artıq ərazilərin bərpası, böyük
qayıdış xəyal və arzu deyil, reallıqdır. 2020-ci ildə torpaqlarımız işğaldan
azad edildikdən sonra burada quruculuq işləri aparılır. İndi isə mühüm siyasi
proseslər, seçkilər həyata keçirilir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar müəllim Nübar Qayıblı deyib.
O qeyd edib ki, seçkilər hər bir xalqın tarixində və həyatında mühüm rol oynayır. Qalib xalq kimi azad olunmuş ərazilərdə seçki keçirmək isə xüsusi əhəmiyyətə malikdir: “Əminəm ki, gənc nəsil bu tarixi seçkinin əhəmiyyətini dərindən dərk edir. Qarabağda və işğaldan azad olunmuş digər ərazilərimizdə təhsil ocaqlarının qurulması kimi, seçki qutularının da qoyulması mənim üçün tarixi hadisədir. Vandallar tərəfindən dağıdılmış torpaqlarımıza yenidən həyat bəxş etmişik. Biz xalq, dövlət olaraq Qarabağa, Şərqi Zəngəzura demokratik prosesləri də gətiririk. Fevral ayında işğaldan azad olunan ərazilərdə ilk dəfə prezident seçkiləri keçirilən zaman fərəhlənirdik. Həqiqətən də sevincimizin həddi-hüdudu yox idi. Eyni hissləri sentyabrın 1-də də yaşayacağıq”.