Azərbaycan Milli Məclisinə seçkilər ərəb mediasında

Azərbaycan Milli Məclisinə seçkilər ərəb mediasında

Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ərəb ölkələri media orqanlarının diqqət mərkəzində olub.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, “Əl Vatan” qəzeti “Azərbaycan işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri keçirdi” sərlövhəli məqaləsində Azərbaycanın bütün suveren ərazisində ilk dəfə qanunverici orqana seçkilərin keçirildiyi diqqətə çatdırılıb.

Müəllif bu seçkilərin dünyada fəal sülhsevər siyasət aparan Azərbaycanın gələcək inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.

“Əl Arabi” qəzetinin məqaləsində diqqətə çatdırılıb ki, 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizəd iştirak edib. Məqalədə seçki prosesinin sakit və şəffaf şəraitdə keçdiyi, beynəlxalq müşahidəçilərin səsvermənin nəticələrinə yüksək qiymət verdikləri qeyd olunub.

“Əl Bələd”, “Arab48”, “Saw Beirut”, “Əl Masr Əl Yom” və digər kütləvi informasiya vasitələri də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər haqqında məqalə və xəbərlər dərc edib. Ərəb mediası vurğulayıb ki, 2020-ci ildə 44 günlük müharibədə böyük Qələbə qazanan və 2023-cü ildə isə özünün bütün ərazisində dövlət suverenliyini bərpa edən Azərbaycan tərəqqi, rifah və əmin-amanlıq yolunda daha bir mühüm addım atıb. Həmçinin diqqətə çatdırılıb ki, parlament seçkilərində azərbaycanlıların yüksək fəallığı qeydə alınıb, xalq özünün layiqli namizədlərini seçmək üçün seçki məntəqələrinə axışıb.