Əməkdar müəllim: “Seçkilərdə aparıcı qüvvə gənclər olacaq”
“Müasir Azərbaycan tarixində yaddaqalan və bizi
qürurlandıran mühüm hadisələrdən biri 44 günlük Vətən müharibəsi oldu. Biz qalib
xalq kimi tarix yazdıq. İndi isə yeni tarixlər yazmaqda davam edirik. Bu il ilk
dəfə suverenliyini tam bərpa edən ölkə kimi prezident seçkiləri keçirdik. Növbəti
ilklərə imza atacaq seçkimiz isə sentyabrın 1-də baş tutacaq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar muəllim Fəridə İbrahimova deyib.
O qeyd edib ki, müəllimlərin vətənpərvər ruhda yetişdirdiyi gənclər ictimai- siyasi proseslərdə fəallıq nümayiş etdiriblər: “Məncə, bu seçkidə də aparıcı qüvvə gənclər olacaq. İlk dəfədir ki, parlament seçkilərini doğma Qarabağımızda da təşkil edəcəyik. Yəni işğaldan azad olunan ərazilərdə seçki qutularının quraşdırılmasını görəndə qürurlanırıq. Arzularımız çin olur. Uzun illər vandalların dağıtdıqları torpaqlarımızda indi quruculuq işləri aparırıq. Bununla da azad olunmuş ərazilərə demokratik proseslər gətiririk. Ağdamlı olaraq fərəh, qürur hisləri yaşayıram. Şuşalılar, kəlbəcərlilər və işğaldan azad olunmuş digər ərazilərin sakinləri deputatlarını indi doğma yurdlarında seçirlər. Bundan gözəl xoşbəxtlik ola bilməz”.