Qadınlar Şurasının rəhbəri: “Azərbaycanın seçki qanunvericiliyi mükəmməlliyi ilə seçilir”
“Azərbaycan demokratik seçki ənənələri olan və hər seçkilərdə bu ənənələri daha
da inkişaf etdirən ölkədir. Ölkəmizdəki seçkilər həmişə namizədlərə bərabər şəraitin
yaradılması, seçici aktivliyi, səsvermə prosesinin şəffaflığı ilə fərqlənib.
İndiki seçki prosesində də səsvermənin şəffaf keçirilməsi üçün lazım olan bütün
addımları atılıb. Azərbaycanın seçki qanunvericiliyi mükəmməlliyi ilə seçilir.
Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər də növbəti
demokratiya nümunəsi olacaq”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiya-Azərbaycan
İşgüzar Qadınlar Şurasının prezidenti Gülnarə Rəhimova deyib.
G.Rəhimova qeyd edib ki, Azərbaycan qadınların seçki hüququnun təmin edilməsi
ilə də daim diqqət mərkəzində olub: “Azərbaycanın seçki tarixinə baxdıqda, bir
çox Qərb ölkəsindən öndə olduğunu görmək mümkündür. Azərbaycanda qadınlara seçmək
və seçilmək hüququ bir əsr öncə verilib. Həmin vaxt nə ABŞ-da, nə də Avropanın
bir çox ölkəsində qadınların belə hüququ yox idi. Müstəqilliyini bərpa edəndən
sonra da Azərbaycanda qadın hüquqlarına xüsusi önəm verilib. Təsadüfi deyil ki,
dövlət idarəçiliyində və qanunverici orqanda qadınların sayı getdikcə daha da
çoxalır”.