Misir Mərdanov: “Bu seçkilər Milli Məclisin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq”
“Azərbaycanda keçirilən hər bir seçkidə demokratik ənənələrin daha da möhkəmləndiyinin
şahidi oluruq. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ölkəmiz
demokratik seçki ənənəsinin növbəti nümunəsini sərgiləyəcək”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında AMEA-nın
Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.
M.Mərdanov qeyd edib ki, ölkədə ədalətli və demokratik seçki mühiti var:
“Seçkilərə hazırlıq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.
Hesab edirəm ki, sentyabrın 1-də vətəndaşlar aktiv şəkildə məntəqələrə gedərək,
səsvermə hüququndan istifadə edəcək, qanunverici orqana öz təmsilçilərini seçəcəklər”.
Sentyabrın 1-də parlament seçkilərinin azad olunmuş əraziləri də əhatə edəcəyinə
diqqət çəkən İnstitut direktoru bildirib ki, bu seçkilər Milli Məclisin fəaliyyətində
yeni dövrün başlanğıcı olacaq.
“Azad olunmuş əraziləri əhatə edən ilk parlament seçkiləri tarixi hadisədir. Mən
azad olunmuş əraziləri ziyarət etmişəm. Orada böyük abadlıq-quruculuq işləri
davam edir, doğma yurdlarına qayıdan insanlar yüksək əhvali-ruhiyyəyə malikdir.
Seçkilərin azad olunmuş ərazilərdə keçirilməsi bu torpaqlara səsvermə hüququnun
da qaytarılması deməkdir. Hesab edirəm ki, bu ərazilər yaxın dövrdə Azərbaycanın,
hətta dünyanın ən gözəl diyarlarından olacaq”, - deyə, M.Mərdanov bildirib.