Qulu İbrahimov: “Sentyabrın 1-də tarixi anlara şahidlik edəcəyik”
“Seçki
prosesləri Azərbaycan dövlətinin, cəmiyyətimizin ictimai-siyasi həyatında hər
zaman mühüm rol oynayıb. Sentyabrın 1-də təşkil olunacaq parlament seçkiləri isə
daha çox yadda qalacaq. Çünki Milli Məclisə keçirilən əvvəlki seçkilərdən fərqli
olaraq, bu dəfə Xankəndidə, Şuşada, Laçında da seçki qutuları quraşdırılacaq.
Biz indiki tarixi hadisələri çoxdan gözləyirdik”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ukraynada yaşayan həmyerlimiz, “Analitika və İnformasiya Platforması” təşkilatının sədri Qulu İbrahimov deyib.
O,
keçmiş məcburi köçkünlərin artıq öz doğma yurdlarından deputat seçmələrinin
beynəlxalq aləmə siyasi mesaj olduğunu da vurğulayıb: “Bu, təkcə ədalətin bərpası,
xalqımızın əzəli torpaqlarına demokratik prosesləri gətirməsi deyil. Biz beynəlxalq
aləmə müəyyən mənada mesajlar da veririk. Uzun illər kəlbəcərlilər, laçınlılar
ölkəmizin müxtəlif bölgələrinə səpələndikləri üçün pərakəndə şəkildə səs
verirdilər. İndi biz sentyabrın 1-də tarixi anlara şahidlik edəcəyik. Artıq dədə-baba
torpaqlarına qayıdan vətəndaşlarımızın Qarabağda seçki hüquqları təmin olunur”.