QHT koalisiyası seçkilər üzrə aralıq hesabatını açıqlayıb

QHT koalisiyası seçkilər üzrə aralıq hesabatını açıqlayıb

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri üzrə uzunmüddətli müşahidəçilik fəaliyyəti həyata keçirən “Sivil Toplum” Monitorinq Koalisiyası aralıq hesabatını yayıb. Secki-2024.az saytı bildirir ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyasının aparılması, siyasi partiyalar, namizədlər, onların nümayəndələrindən daxil olan məlumatlar, habelə media subyektlərində və sosial şəbəkələrdə aparılan monitorinq üzrə dəyərləndirmələr aralıq hesabatında öz əksini tapıb.

Qeyd edilir ki, ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artıb. İşğaldan azad olunmuş ərazilərdə yaradılmış seçki komissiyaları imkan verir ki, həmin ərazilərdə məskunlaşmış vətəndaşlarımız artıq müvəqqəti yaşadıqları ərazilərdə deyil, daimi qeydiyyatda olduqları məntəqələrdə səs verə bilsinlər.

Hesabatda qeyd edilib ki, seçici siyahıları yenilənib. 125 seçki dairəsinin 6 319 seçki məntəqəsi üzrə 6 328 476 nəfərin adları olan siyahı hazırlanıb. Seçki məntəqələrindən 29-u işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Hesabatda bütün namizədlər üçün təşviqat dövründə pulsuz efir vaxtının ayrıldığı da göstərilir. Həmçinin namizədlərin seçicilərlə görüşü və mitinqlər üçün şəhər və kəndlərdə yerlərin müəyyələşdirilməsi, hər kəsə bərabər imkanların yaradılması da öz əksini tapıb. O da qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işləri zamanı mütəmadi olaraq tələb olunan normativ sənədləri qəbul edib və MSK-nın iclasları mətbuat və müşahidəçilərə açıq olub.

“Sivil Toplum” Monitorinq Koalisiyasının media qrupu 40-dan artıq media subyektini əhatə edən monitorinq aparıb. Bu dövr ərzində mediada seçkilərlə bağlı 600-dən artıq müxtəlif mövzularda xəbərlər, məlumatlar dərc edilib.