Uruqvay radiosunda ictimaiyyətə Azərbaycandakı prezident seçkiləri barədə məlumat verilib

Uruqvay radiosunda ictimaiyyətə Azərbaycandakı prezident seçkiləri barədə məlumat verilib

Uruqvay Şərq Respublikasının “Uruguay” radiosunda Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar ictimaiyyətə geniş məlumat verilib. Secki-2024.az xəbər verir ki, səsvermədə Azərbaycan əhalisinin fəallıq nümayiş etdirdiyi və yüksək səs çoxluğu ilə İlham Əliyevin yenidən Prezident seçildiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün ölkə ərazisində baş tutan ilk seçkilərdir.

Daha sonra, uzun müddət Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan ərazilərinin minalarla çirkləndirildiyi, lakin mina xəritələrinin bu günədək təqdim edilmədiyi diqqətə çatdırılıb. Eyni zamanda, həmin ərazilərdə bütün tikililərin Ermənistan tərəfindən yerlə-yeksan edildiyi vurğulanıb.

Bundan əlavə, Azərbaycanın bu il dünyanın ən mötəbər tədbirlərdən biri olan COP-29-a ev sahibliyi edəcəyi bildirilib.

Sonda Azərbaycanın zəngin multikultural dəyərlərə, mədəni irsə və milli mətbəxə malik olmasına diqqət çəkilib və qeyd edilib ki, ölkədə bir çox mədəniyyətlərə məxsus və dinlərə mənsub insanlar sülh şəraitində yaşamaqdadır. Xüsusilə vurğulanıb ki, Azərbaycanda digər dinlərə məxsus çoxsaylı abidələr mövcuddur və onlar qorunmaqdadır. Onlar arasında erməni kilsəsinin adı xüsusi olaraq çəkilib.