Türkiyənin nüfuzlu nəşrində Azərbaycandakı prezident seçkilərinin əhəmiyyətinə toxunulub

Türkiyənin nüfuzlu nəşrində Azərbaycandakı prezident seçkilərinin əhəmiyyətinə toxunulub

Azərbaycanda fevralın 7-nə təyin olunmuş prezident seçkiləri ilə bağlı Türkiyənin nüfuzlu “Yeni Şafak” nəşrində məqalə dərc edilib. Secki-2024.az saytı xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin müəllifi olduğu məqalədə seçkilərin önəmli xüsusiyyətinə toxunulub.

Cavid Vəliyev bildirib ki, 30 ildən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində seçkilərin keçirilməsi önəmli hadisədir.

O qeyd edib ki, məcburi köçkünlərin geri qayıtdığı rayonlarda seçkilər üçün hazırlıq görülüb.

“Burada xalqın iradəsinin seçki qutularında əks olunması təbii olaraq həmin bölgələrin Azərbaycanın qalan hissəsinə hüquqi və siyasi birləşməsi nəticəsini doğuracaq”, - deyə Cavid Vəliyev yazıb.

Ekspert qeyd edib ki, Azərbaycandakı seçkilər təkcə regional deyil, qlobal transformasiya baxımdan da önəmli dövrdə baş tutur.