TDT-nın Baş katibi Kubanıçbek Ömuralıyev: "İnanırıq və əminik ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçiriləcək”

TDT-nın Baş katibi Kubanıçbek Ömuralıyev: "İnanırıq və əminik ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçiriləcək”

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident  seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub. Secki-2024.az saytı xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov TDT-nın Baş katibi Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Qonaqları salamlayan Məzahir Pənahov budəfəki prezident seçkilərinin Azərbaycan üçün ikiqat əlamətdar olduğunu bildirib. MSK sədri TDT-nin üzvü olan Azərbaycanın öz soykökünə, tarixinə, torpağına bağlı olduğunu vurğulayaraq, budəfəki seçkilərin işğaldan azad edilmiş Xankəndi, Laçın, Şuşa və digər ərazilərdə keçirilməsinin xalqımız və dövlətimiz üçün önəmini qeyd edib. O, həmin ərazilərdəki seçki məntəqələrində lazım olan bütün şəraitin yaradıldığını da diqqətə çatdırıb. 

Seçkilərlə bağlı TDT nümayəndə heyətini ətraflı məlumatlandıran MSK sədri yerli və beynəlxalq müşahidəçilərin sayı, yerli və xarici medianın iştirakından danışıb. O bildirib ki, yerli medianın seçkilərin işıqlandırılması üçün akkreditasiyadan keçməsinə ehtiyac yoxdur, amma beynəlxalq media subyektləri artıq qeydiyyatdan keçiblər. MSK sədri söyləyib ki, prezident seçkilərində “exit-poll” keçirmək üçün 3 təşkilat qeydə alınıb və onlardan biri ABŞ-ın ORACLE ADVISORY GROUP təşkilatıdır. 

Müşahidəçi qismində Azərbaycana dəvət üçün nümayəndə heyəti adından təşəkkürünü bildirən TDT-nın Baş katibi Kubanıçbek Ömuralıyev Azərbaycanda budəfəki prezident seçkilərinin bütün ərazilərində keçirilməsinin qürurverici olduğunu vurğulayıb. Əmin olduğunu bildirib ki, qardaş Azərbaycan xalqı sabah öz siyasi iradəsi ilə və qəlbinin səsinə qulaq asaraq ən yaxşı namizədə səs verəcək.

Nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə çalışan peşəkarlar yer aldığını diqqətə çatdıran Kubanıçbek Ömuralıyev deyib: “İnanırıq və əminik ki, Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçiriləcək”.

Gərgin və məsuliyyətli işində MSK rəhbərliyinə uğurlar arzu edən TDT-nın Baş katibi seçkilərin Azərbaycan xalqı və dövlətinin inkişafı üçün xeyir gətirəcəyindən əminliyini ifadə edib.