Pakistanlı jurnalist: “Ölkəmizdə 7 fevral seçkiləri diqqətlə izlənilir”

Pakistanlı jurnalist: “Ölkəmizdə 7 fevral seçkiləri diqqətlə izlənilir”

“Azərbaycanda keçiriləcək prezident seçkiləri dost ölkələrdə, o cümlədən, Pakistanda diqqətlə izlənilir. Öncə onu qeyd edim ki, ölkənizdə demokratik prinsiplərə uyğun seçki prosesi gedir, xüsusilə namizədlərin bərabər şəraitdə mübarizə aparmasına yaradılan şərait başqa ölkələr üçün örnək xarakter daşıyır”. Bunu secki-2024.az saytına açıqlamasında Pakistanın Kəşmir Gənclər Forumu beyin mərkəzinin icraçı direktoru, jurnalist Zaman Bajva (Bajwa) deyib.

O qeyd edib ki, Azərbaycan demokratik seçki ənənəsi olan ölkədir: “Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi Azərbaycanın seçki ənənəsinin tarixi bir əsrə dayanır. Azərbaycan qadınlara seçki hüququ verəndə hazırda dünyanın qabaqcıl hesab edilən ölkələrinin əksəriyyətində belə hüquq yox idi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik seçki ənənəsini daha da inkişaf etdirib. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm seçkilərin təşkili istiqamətlərində kifayət qədər müsbət irəliləyişlər baş verib. Seçki təcrübəsi və mükəmməl qanunvericilik bazası deməyə əsas verir ki, 7 fevral prezident seçkiləri tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcək”.

Pakistanlı jurnalist Azərbaycanda medianın seçki prosesində iştirakına yaradılan şəraitin də müsbət olduğunu vurğulayıb: “Seçkiöncəsi prosesdə, eləcə də seçki günü səsvermə prosesinin işıqlandırılmasında medianın fəaliyyəti tam təmin olunur. Bu, digər ölkələr üçün örnək ola biləcək nümunədir”.