İƏT rəsmisi: "Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”

İƏT rəsmisi: "Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. 

Məzahir Pənahov görüş zamanı qonaqların diqqətinə çatdırıb ki, 6 milyon 400 mindən artıq seçici fevralın 7-də keçirilən prezident seçkilərində səsvermədə iştirak edə biləcək: “Ümumilikdə 6 537 seçki məntəqəmiz var. Onların hər biri lazımı şəraitlə və təchizatla təmin edilib”.

MSK sədri bildirib ki, dünyanın bir sıra nüfuzlu beynəlxalq media orqanları bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib: “Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. Burada bir çox peşəkar media qurumlarının olduğunu demək mümkündür. Məsələn, ABŞ-dən “Associated Press”, Yaponiyada “Kyodo News”, “Nikkei”, Almaniyadan “ZDF Televsiyası”, İtaliyadan “La Repubblica”, Türkiyədən “Anadolu Ajansı”, “TRT”, “İhlas Haber Ajansı”, Rusiyadan “Rossiya 24”, “RTR”, “TASS”, “İzvestiya” və s. kimi hətta adını sadalamadığım mühüm xəbər mərkəzləri prosesə qoşulacaq. Bütün bu sadaladığım faktlar beynəlxalq aləmin qarşıdan gələn seçkilərə olan marağını bir daha nümayiş etdirir”.

Məzahir Pənahov ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırıldığını qonaqların diqqətinə çatdırıb: “İstənilən şəxs, dünyanın istənilən nöqtəsindən həmin veb-kameralar vasitəsilə seçki prosesini fasiləsiz şəkildə izləyə bilər”.

Dəvətə görə minnətdarlığını bildirən İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay qeyd edib ki, Azərbaycan İƏT-in çox fəal üzvdür: “İƏT-in Nizamnaməsində qeyd olunib ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycan təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”.