Monitorinq Koalisiyasının həmtəsisçisi: “Müşahidəçilərimiz həm yerli qanunvericilik, həm də beynəlxalq prinsiplər barədə məlumatlandırılıblar”

Monitorinq Koalisiyasının həmtəsisçisi: “Müşahidəçilərimiz həm yerli qanunvericilik, həm də beynəlxalq prinsiplər barədə məlumatlandırılıblar”

“Sivil Toplum” Monitorinq Koalisiyası olaraq seçkiləri müşahidəyə hazırlığın son mərhələsindəyik. Hazırda məntəqələrdə müşahidəçilərimizin yerləşdirilməsi, onların məntəqələrlə tanış olması həyata keçirilir. Ötən dövr ərzində onlar üçün treninqlər keçirilib. Həm yerli qanunvericilikdə, həm də  beynəlxalq sənədlərdə müşahidəçilkər üçün nəzərdə tutulmuş prinsiplər barədə məlumatlar verilib”. Bunu secki-2024.az saytına açıqlamasında “Sivil Toplum” Monitorinq Koalisiyasının həmtəsisçisi Qorxmaz İbrahimli deyib.

O bildirib ki, ötən dövr ərzində koalisiya monitorinq prosesi ilə bağlı aralıq hesabat yayıb. Hesabatda bütün dəyərləndirmələr öz əksini tapıb:

“Prezidentliyə namizədlərlə görüşlərimizi yekunlaşdırdıq. Namizədlərin seçki qərargahlarında olduq, seçki mühiti ilə bağlı fikirlərini öyrəndik, təşviqat kampaniyası ilə bağlı fikir mübadilələri apardıq. Beynəlxalq təşkilatlarla və ölkəmizdəki xarici səfirliklərlə də görüşlər davam etdirilir. Bəzi nümayəndəliklərə müraciətlər göndərilib. ATƏT/DTHİB-in uzunmüddətli misisyası ilə də görüşlərimiz davam edir”.

Q.İbrahimli onu da deyib ki, Koalisiya cari işlərini də davam etdirir və seçki müşahidə prosesinə tam hazır vəziyyətdədir:

“Müşahidəçilərimizə əlavə təlimlər keçirilir, təlimatlar və qaydalar təkrarlanır. Hazırlıqların artırılması üçün işlər davam etdirilir”.