Alim İsmayıl Ağakişiyev: “Seçkilərlə bağlı arzum odur ki, xalq birliyi ruhunu qoruyub saxlayaq”

Alim İsmayıl Ağakişiyev: “Seçkilərlə bağlı arzum odur ki, xalq birliyi ruhunu qoruyub saxlayaq”

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə elmləri doktoru İsmayıl Ağakişiyev Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

 Prezident seçkilərinin Azərbaycanın gələcəyi və iqtisadi inkişafı üçün əhəmiyyəti barədə fikirləriniz maraqlı olardı..

- Prezident üsul-idarəsinə sahib olan dövlətlər üçün prezident seçkiləri ümumilikdə çox əlamətdar hadisədir. Azərbaycan Respublikası da bu baxımdan istisna deyil. Müstəqil Azərbaycanın 30 illik mövcudluğu ona tarixi təcrübə qazandırıb və xalqın dəstəyinə arxalanan dövlətin istənilən əhəmiyyətli məsələləri həll etməyə qadir olduğunu nümayiş etdirib.

Azərbaycan seçkilərə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu fakt seçkilərin əhəmiyyətinə necə təsir göstərib?

- Yadımdadır, Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara getdim. Həmin ərazilərdə kütləvi dağıntıları, minaların olması barədə xeyli sayda xəbərdarlıq nişanlarını gördüm. Həmin vaxt mən bir həqiqəti dərk etdim ki, bu ərazilərin dirçəldilməsinə və minalardan təmizlənməsinə yalnız xalq tərəfindən dəstəklənən Azərbaycan dövləti qadirdir. Biz 30 il əvvəl sivil dünyaya yalnız bir xahişlə müraciət edib əlimizi uzatdıq ki, suveren Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan ərazilərini işğal edənlər həmin torpaqları tərk etməyə məcbur edilsin. ATƏT-in Minsk qrupu bu illər ərzində Qarabağ torpaqlarında baş verənləri müşahidə etmək imkanına sahib idi. Onlar işğalçıların törətdiyi vandallıqları görürdülər, lakin cinayət əməllərinə mane olmurdular. Torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş gənclərin, qəhrəmanların qanı ilə suvarılan ərazilərin bərpası və minalardan təmizlənməsində dünya ictimaiyyətinin ölkəmizə lazımi qədər dəstəyini bu gün də görmürük. Azsaylı, lakin həqiqi dostlarımızın dəstəyi ilə Qarabağ iqtisadi rayonunu dirçəldirik. Ancaq inanmaq istərdim ki, ədalət zəfər çalacaq və sivil dünyanın lokomotivi rolunda çıxış etmək iddiasında olan dövlətlər Ermənistanla yekun sülh sazişi bağlamaq istəyini ifadə edən Azərbaycana dəstək göstərəcəklər. Həmçinin torpaqlarımızda dinc əhalinin həyatını və sağlamlığını itirməsinə səbəb olan minaların təmizlənməsində, eləcə də dağıdılmış ərazilərin, şəhər və kəndlərin bərpası prosesində iştirak edəcəklər. Ölkəmizin sosial-iqtisadi sahəsində həyata keçirilən islahatlar, beynəlxalq aləmdə müəyyən edilən kurs hazırkı şəraitdə dövlətin sabitliyinin və dayanıqlığının əsasını təşkil edir. Dövlətimizin ərazi bütövlüyünün bərpası olduqca vacib bir məqamdır. Növbəti uğurlu nəticələrin davamlı şəkildə əldə olunması isə liderlik amili ilə sıx bağlıdır. Ölkəmizin ərazi bütövlüyü bərqərar olandan sonra qarşıdan gələn bələdiyyə seçkilərindən öncə ilk olaraq prezident seçkilərinin keçirilməsi tamamilə düzgün siyasi qərardır.

Səsverməyə hazırlaşan xalqımıza hansı səmimi arzularınızı ünvanlamaq istərdiniz ?

- İstəyirəm ki, son illərdə əldə olunan xalq birliyi ruhunu qoruyub saxlayaq. Azərbaycanın sabit, dayanıqlı, güclü olmasında səmimi şəkildə maraqlı olan ölkələrin bütün xalqları ilə dostluq əlaqələrini qoruyub saxlamağı arzu edirəm.