Özbəkistan MSK-nın üzvü: “Bu seçkilər ölkənin yeni tarixi addımlarını müəyyən edə bilər”

Özbəkistan MSK-nın üzvü: “Bu seçkilər ölkənin yeni tarixi addımlarını müəyyən edə bilər”

Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Gülnoza İsmayılova Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

 Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır ? Xüsusilə dövlətin gələcəyi, iqtisadi inkişafı üçün  seçkilər nə vəd edir?

 -Müasir demokratik dövlətlərdə seçkilər demokratiya prinsipinin əsasını təşkil edir, eyni zamanda seçkilər vətəndaşların iradəsinin ifadəsinin əsas formasıdır. Seçkilərdə səsvermə cəmiyyətin və dövlətin işlərinin idarə edilməsində iştirak etmək hüququndan istifadə etməyə imkan verir. Qərar vermənin mənbəyi xalqdır. Prezident seçkiləri ölkədə ən mühüm siyasi hadisələrdən biridir, onun nəticələri siyasi rəhbərliyin kursunu müəyyən edir, ölkənin siyasi və iqtisadi həyatına təsir göstərir. Prezident seçkiləri dövlətin gələcəyinə mühüm təsir göstərir. Ölkə prezidenti təhlükəsizlik, sosial siyasətin əsas məsələlərini həll edir, eyni zamanda ölkənin daxili və xarici siyasətinin aparıcı qüvvəsidir. Azərbaycanda prezident seçkiləri ona görə strateji əhəmiyyət kəsb edir ki, nəticələri iqtisadiyyat, daxili və xarici siyasət sahəsində əsas qərarlara təsir göstərə biləcək lideri müəyyənləşdirir. Seçki nəticələri investisiyalara, ticarətin inkişafına və diplomatik münasibətlərə də təsir edir ki, bu da ölkənin gələcəyini və iqtisadi inkişafını əhəmiyyətli dərəcədə müəyyən edir.

 Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu baxımdan Sizcə, bu seçkilər ölkəmiz üçün hansı vacib məna daşıya bilər?

 - Bu, tarixi məqamdır. Ərazi bütövlüyünün bərpasından sonra ölkəniz yeni çağırışlar və imkanlarla üzləşdiyi üçün prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Seçilmiş lider regionların bərpası və inkişafı strategiyasının formalaşdırılmasında, eləcə də Azərbaycanın dünya miqyasında mövqelərinin möhkəmləndirilməsində əsas rol oynayacaq. Bu seçki ölkənin tarixinin yeni dövrdəki kursunu müəyyən edə bilər. Azərbaycanda həyata keçirilən iqtisadi, sosial, siyasi islahatlar, o cümlədən, dövlət quruculuğu və idarəetmə sahəsində də ölkənin bütün potensialının üzə çıxarılmasına şərait yaradır.

 Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycan xalqına hansı səmimi arzularınızı bildirmək istərdiniz?

 - Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqına uğurlar arzulayıram. Qoy seçilmiş lider ölkəni firavanlığa, əmin-amanlığa, sabitliyə apara bilsin. Arzu edirəm ki, iqtisadi inkişaf, sosial ədalət və beynəlxalq əlaqələr daha da möhkəmlənsin.