Təşkilat sədri: “Azərbaycanın gələcək inkişafı bu seçkilərdən asılıdır”

Təşkilat sədri: “Azərbaycanın gələcək inkişafı bu seçkilərdən asılıdır”

Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Nərmin Əliyeva Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

Sizin fikrinizcə, prezident seçkiləri Azərbaycanın gələcəyi və iqtisadi inkişafı üçün hansı əhəmiyyət daşıyır?

- Prezident seçkiləri bir ölkə üçün son dərəcə mühüm və əhəmiyyətli hadisədir. Prezident ölkənin həm daxili, həmçinin xarici siyasət kursunu təyin etmək və reallaşdırmaq üçün böyük səlahiyyət sahibidir. Daxili siyasət deyərkən, iqtisadi inkişaf, sosial müdafiə, mədəniyyət kimi sahələrdə vergi təyinatı və tətbiqi, sosial proqramların təşkili və həyata keçirilməsi başa düşülür. Eyni zamanda, bu seçkilərin xarici siyasətlə də birbaşa əlaqəsi var. Çünki prezident ölkənin xarici siyasətində Azərbaycanla dünya ölkələri arasında sıx münasibətlərin qurulması, diplomatik məsələlərin həll edilməsi, beynəlxalq sazişlərin imzalanması kimi məsələləri də tənzimləyir. Prezident seçkiləri bir ölkə üçün siyasi sistemlərin işlənməsi, iqtisadi inkişaf, sosial bərabərlik, insan haqları və demokratik proseslərin sağlamlaşdırılmasında əhəmiyyətli hesab olunan mərhələni təşkil edir. Bu seçkilər həmçinin, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətimizin gələcək taleyini və iqtisadi arenadakı vəziyyətini müəyyən etmiş olacaq. Dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin qurulmasını ölkəmizdə keçiriləcək prezident seçkiləri zamanı səs çoxluğu toplamış namizəd bəlli edəcək. Güclü rəhbər güclü dövlət deməkdir. Bir sözlə, Azərbaycanın gələcək inkişafı bu seçkilərdən asılıdır.

Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir və bu, müstəqillik tariximizdə bir ilkdir. Məhz bu baxımdan dövlətimiz üçün qarşıdan gələn seçkilər hansı vacib mənanı daşıyır?

- 30 il düşmən tapdağı altında olan torpaqlarımız düzgün siyasət və dövlət idarəetməsi, ordumuzun şücaəti nəticəsində azad olunub. Düşünürəm ki, uzun illər gözlədiyimiz qələbə sevinci xalqımızda gələcəyə böyük inam hissi yaradıb. Bu, qarşıdan gələn seçkilər baxımından da böyük əhəmiyyət daşıyır. Bu seçkiləri “Zəfər seçkisi” də adlandırmaq mümkündür.

 Fevral ayında növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycan xalqına hansı səmimi arzularınızı ünvanlamaq istərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqımıza doğru seçim etməyi tövsiyə edirəm. Bu seçim dövlətin, millətin gələcək aqibətini bəlli edəcək gücə sahibdir. Doğru seçim ölkəni tərəqqiyə, yanlış seçim isə süquta apara bilər. Dünyada baş verən proseslərə diqqət yetirək və dövlətimizin işıqlı sabahı üçün düzgün seçim edərək ölkəmizi daha da yüksək pillələrə qaldıraq.