Siyasi şərhçi: “Yeddi fevral seçkiləri xalqımız üçün yeni mərhələnin qapısıdır”

Siyasi şərhçi: “Yeddi fevral seçkiləri xalqımız üçün yeni mərhələnin qapısıdır”

Siyasi şərhçi Murad Sadəddinov Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

 2024-cü il fevral ayının 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərinin Azərbaycanın gələcək inkişafı baxımından ciddi əhəmiyyət daşıdığı qeyd olunur. Ciddi əhəmiyyət deyərkən əsasən nələr nəzərdə tutulur?

 - Azərbaycan xalqı və dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri bu seçkilərə qədər çox böyük uğurla yerinə yetirilib, ərazi bütövlüyümüz təmin edilib. İndi isə həm siyasi, həm də sosial-iqtisadi baxımdan yeni inkişaf mərhələlərinin başlanması ərəfəsindəyik. Bu inkişafı şərtləndirən ciddi amillər mövcuddur. Digər tərəfdən, bugünkü dünyada beynəlxalq təhlükəsizlik mexanizmlərinin öz əhəmiyyətini itirməsi tendensiyası müşahidə olunur. Odur ki, ölkəmizin müasir çağırışlar qarşısında zamanın tələbləri ilə ayaqlaşan inkişaf konsepsiyaları reallaşdırılmalıdır. Bu kontekstdə 7 fevral prezident seçkiləri Azərbaycanın gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan siyasi hadisədir. Bu seçkilər xalqımız üçün yeni mərhələnin qapısıdır. Artıq qarşımızda yeni era açılır və xalqımızın bu erada da birlik nümayiş etdirərək yeni-yeni nailiyətlər əldə edəcəyinə əminəm.

 İlk dəfədir ki, prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən erməni işğalından azad edilmiş torpaqlarımızda keçirilir. Sizə görə bu fakt Azərbaycan üçün hansı vacib məqamları şərtləndirir?

 - Birinci növbədə onu demək istəyirəm ki, uzun illər biz öz torpaqlarımızın işğal altında olmasının istər mənəvi, istərsə də sosial-iqtisadi və digər cəhətlərdən çox ciddi əziyyətini çəkmişik. Bu gün isə Azərbaycanda prezident seçkiləri ilk dəfə olaraq bütün suveren ərazilərimizdə keçiriləcək. Bu fakt 7 fevral seçkilərindən sonra artıq Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində yeni prioritetlər müəyyən etməsini şərtləndirir. Təbii ki, bundan sonra Azərbaycana beynəlxalq aləmdə yanaşmalar da fərqli olacaq. Ona görə də biz ərazi bütövlüyümüzün təmin edilməsinin yaratdığı imkanlar hesabına yeni prioritetlərin reallaşdırılmasına münasibətdə həm müsbət, həm də mənfi xarici təsirlərə hazır olmalıyıq. Bunun üçün bizim kifayət qədər gücümüz var.

 7 fevral seçkiləri ərəfəsində Azərbaycanda demokratik seçki mühitini necə qiymətləndirirsiniz?

 - Seçki prosesi Azərbaycan Konstitusiyasında və qoşulduğumuz beynəlxalq sənədlərdə əks olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilir. Seçki mühiti demokratik seçkilər keçirmək üçün uyğundur. İstənilən Azərbaycan vətəndaşı fevralın 7-də gedib öz səsini gizli şəkildə verə və istədiyi namizədi seçə bilər. Namizədlər üçün də öz platformalarını təqdim etmək, təşviqat və təbliğat aparmaq üçün ədalətlilik prinsipi əsasında lazımi imkanlar yaradılıb. Beynəlxalq müşahidəçilər dəvət edilib, onlar həm seçki ərəfəsində, həm də seçki günü istənilən seçki məntəqəsinə səfər edə, orada proseslə tanış ola bilirlər. Bütün bu qeyd edilənlər də təsdiq edir ki, Azərbaycanda seçki mühiti kifayət qədər demokratikdir.

  Seçki günü seçici fəallığının hansı səviyyədə olacağını təxmin edirsiniz?

 - Düşünürəm ki, Azərbaycan seçicisi bu seçkilərdə həddindən artıq aktiv iştirak edəcək. Çünki bu, 44 günlük müharibədə qazandığımız tarixi Qələbəmizdən sonra keçirilən ilk prezident seçkiləridir. Azərbaycan xalqı həmin zəfər naminə yumruq kimi birləşib öz məqsədlərinə çatdı. Seçkilərdə də yenə xalq olaraq birlik və həmrəylik nümayiş etdirəcəyimizə əminəm.