Yadigar Məmmədli: “Media seçki prosesində işini peşəkar formada qurub”

Yadigar Məmmədli: “Media seçki prosesində işini peşəkar formada qurub”

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Azərbaycanda fevralın 7-nə təyin olunmuş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb

 Ekspertlər 7 fevral seçkisində diqqət çəkən nüanslar barədə danışarkən, təşviqat mərhələsinə də yer ayırırlar. Qeyd edirlər ki, budəfəki seçkilərdə “qara piar” elementləri nəzərə çarpmır. Siz jurnalist təşkilatının sədri olaraq uzun illər ərzində seçki proseslərini izləmisiniz. Budəfəki seçkilərdə “qara piar” elementlərinin azalmasını, hətta yoxa çıxmasını nə ilə izah edərdiniz?

 -        Bu, diqqətçəkici və ən maraqlı cəhətlərdən biridir. Əslində “qara piar” hətta inkişaf etmiş ölkələrin də seçki prosesində rast gəlinən hallardandır. Əvvəllər Azərbaycanda da o texnologiyadan istifadə edənlər olub. Builki seçkilərdə rast gəlinməməsi mütərəqqi haldır. Səbəbləri isə müxtəlifdir. Birinci səbəb kimi mən milli hədəfləri göstərə bilərəm. Xalqımız fərqindədir ki, 7 fevral seçkisi sıradan bir hadisə deyil. Bu seçkilər ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın siyasi müstəvidə təqdimatı olacaq. Müstəqilliyimiz dövründə ilk dəfədir ki, ölkəmizin bütün ərazilərində səsvermə tətbiq olunur. 30 ildən sonra Xankəndidə, Xocalıda və digər bölgələrimizdə seçki prosesi keçirilir. Bu, olduqca mühüm məqamdır və  seçki prosesinə də öz təsirini göstərir, tamamilə fərqli ovqat yaradır. Vətəndaş olaraq hər kəs çalışır ki, seçkilər yüksək səviyyədə baş tutsun, dövlətimiz yeni bir eraya uğurlu addımlarla qədəm qoysun. Qısaca desək, xalqımızın və dövlətimizin bu seçkilər üzərində  konkret hədəfləri var. Hər kəs o hədəflərə köklənib. Kimsə bu ümummilli hədəfə yad bir element qatmaq istəsə, vətəndaş, seçici onu qəbul etməyəcək. “Qara piar”ın yoxa çıxmasının digər bir səbəbi kimi ölkəmizdə seçki mədəniyyətinin inkişaf etməsini göstərə bilərik. Azərbaycanda uzun illər ərzində demokratik seçki keçirmək təcrübəsi formalaşıb. Həmin təcrübə öz nəticəsini göstərir.

Seçki prosesində media üçün yaradılmış şəraiti, prosesdə medianın iştirak səviyyəsini necə dəyərləndirirsiniz?

 -        Azərbaycan mediası seçki prosesində aktiv şəkildə iştirak edir, işini peşəkar formada qurub. Medianın təşviqat prosesində iştirakına lazımi imkanlar yaradılıb. Ödənişli təşviqat prosesinə qatılmaq istəyən media subyektlərinin qeydiyyatı təmin olunub. Bu prosesə qoşulmaq istəyən 44 media subyekti MSK-da qeydiyyata alınıb. Təşviqatdan kənar, ümumilikdə seçki prosesini işıqlandıran media subyektləri üçün hər hansı bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində və “Media haqqında” Qanunda medianın fəaliyyəti üçün nəzərdə tutulmuş prinsiplər seçki prosesində təmin edilir. Belə mühit həm namizədlər, həm də media subyektləri üçün əlverişlidir. Namizədlər rahat və səmərəli şəkildə təşviqat kampaniyası aparırlar. İctimai Televiziya və radioda, eləcə də dövlət qəzetlərində ödənişsiz təşviqatın aparılması təmin edilib. Digər tərəfdən, namizədlərə ölkədə fəaliyyət göstərən KİV-lərdə ödənişli təşviqat kampaniyası aparmaq kimi imkanlar yaradılıb.

 Ümumilikdə seçki mühitini necə dəyərləndirirsiniz?

 -        Mən fəaliyyətim dövründə həm ölkə içində, həm də xarici dövlətlərdə keçirilən seçki proseslərində müşahidəçi qismində iştirak etmişəm. Müşahidəçiliyin prinsiplərini və mahiyyətini dəqiq bilirəm. Bu baxımdan deyə bilərəm ki, seçki prosesinin yetərli sayda müşahidəçi ilə əhatə olunması mühüm məqamdır. MSK-nın son məlumatından aydın olur ki, 7 fevral seçkisi üzrə 82 minə yaxın yerli, 750 nəfər beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu, çox müsbət amildir, seçkilərin tam şəffaf, ədalətli keçirildiyinin göstəricisidir. Hər kəs görür ki, Azərbaycan özünün uğurlu yolu ilə irəliləyir, azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanları yaradır. Bu seçkilər Azərbaycanın gələcək inkişafında yeni mərhələ yaradacaq. Yeni mərhələ Azərbaycana böyük inkişaf vəd edir.