Bəhruz Quliyev: “Seçki prosesinin təşkil edilməsinə cavabdeh olan rəsmi qurumlar media subyektlərindən gələn sualları operativ şəkildə cavablandırırlar”

Bəhruz Quliyev: “Seçki prosesinin təşkil edilməsinə cavabdeh olan rəsmi qurumlar media subyektlərindən gələn sualları operativ şəkildə cavablandırırlar”

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkilərində təşviqat prosesi ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

 Prezident seçkiləri üzrə təşviqat prosesi artıq iki həftədir ki, davam edir. Siz media qrupunun rəhbəri olaraq uzun illər ərzində seçki proseslərini izləmisiniz. Əvvəlki seçkilərlə müqayisədə budəfəki təşviqat prosesində hansı yenilikləri müşahidə edirsiniz? 

 - Azərbaycanda keçiriləcək 7 fevral növbədənkənar prezident seçkilərinə hazırlıq, o cümlədən təşviqat kampaniyası demokratik prinsiplər əsasında, seçicilərin öz fikirlərini azad şəkildə ifadə etməsi şəraitində davam edir. Namizədlər öz seçki platformalarını seçicilərinə çatdırmaq üçün bütün vasitələrdən, o cümlədən media subyektlərindən istifadə edirlər. Prezidentliyə namizədlər arasında  həm bitərəf, həm də siyasi partiyaların təmsilçiləri var. Bu da seçkilərin demokratik prinsiplər, fikir müxtəlifliyi əsasında  keçirildiyini söyləməyə əsas verir. Media qurumları da bütün bu fikir müxtəlifliyinə yer ayırırlar. Budəfəki seçkiləri media kontekstində əvvəlkilərdən fərqləndirən əsas məqamlardan biri budur ki, indiki təşviqat prosesində onlayn media subyektlərinə də şərait yaradılıb. Onlayn media subyektlərinin ödənişli təşviqat prosesində iştirak hüququ rəsmən tanınıb. Bu da həm onlayn media təmsilçiləri, həm də prezidentliyə namizədlər üçün çox əlverişlidir. Bu məqamda daha bir nüansa toxunmaq istəyirəm. İndiki seçki prosesi müşahidəçilərin çoxluğu ilə də diqqəti cəlb edir. Həm yerli, həm də beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin öz missiyalarını həyata keçirmələri üçün unikal şərait yaradılıb. İndiki seçkilərin başqa bir özəlliyi də var, o da ümumxalq səsverməsinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində təşkil olunmasıdır. Ölkəmiz müstəqilliyini elan etdiyi 33 ildə ilk dəfədir ki, seçkilərə suverenliyi tam bərpa edilmiş şəkildə gedir. Təsadüfi deyil ki, indiki seçkiləri Zəfər seçkiləri adlandırırlar. İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçki məntəqələri fəaliyyət göstərir. Həqiqətən də, bu, çox qürurverici hadisədir. Bizlər də media təmsilçisi olaraq, bütün bu nüansları auditoriyaya çatdırmağa çalışırıq.   

Rəhbərlik etdiyiniz media qrupu ödənişli əsaslarla aparılan  təşviqat prosesinə qatılmaq üçün MSK-da qeydiyyatdan keçib. Ötən 2 həftə ərzində prezidentliyə namizədlərdən bu istiqamətdə təkliflər almısınızmı? Ümumilikdə bu sahədə vəziyyət necədir?

 -  “SƏS” Media Qrup təşviqat kampaniyasına fəal şəkildə qoşulub. Öncə Mərkəzi Seçki Komissiyasına seçki təşviqatında iştirakımızla bağlı yazılı müraciət ünvanlamışıq və təklifimiz müsbət qiymətləndirilib. Rəsmi qeydiyyata durduqdan sonra prezidentliyə namizədlərin bəziləri ilə müqavilələr imzalamışıq. Həm “Səs” qəzetində, həm də “Səs” İnformasiya Agentliyində  namizədlərin seçki platformaları və təşviqat məlumatları dərc olunur. Bütün bunlar Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun təşkil olunur. Ümumiyyətlə, bu sahədə fəallıq nəzərə çarpır. Təşviqatda iştirak edən çoxsaylı media subyektləri mövcuddur.

 Media subyektləri ödənişli təbliğatdan başqa, həm də ümumilikdə seçki prosesini işıqlandırırlar. Bu prosesdə media üçün yaradılmış şəraiti necə dəyərləndirirsiniz? Aidiyyatı qurumlardan istədiyiniz suallara cavablar ala bilirsinizmi?

 - Təbii ki, media subyekti olaraq hansı mənbədə informasiya varsa, onu almaq üçün mümkün üsullardan istifadə edirik. Əsas işimiz xəbəri mənbədən əldə etmək, onu hazırlamaq və oxuculara çatdırmaqdır. “Səs” Media Qrup olaraq ümumilikdə seçki prosesinin işıqlandırılmasında aktiv iştirak edirik. Bütün məlumatları ilkin mənbədən operativ şəkildə hazırlayıb oxuculara çatdırırıq. Artıq seçkilərin təbliğat mərhələsinin çox hissəsi geridə qalıb. Aidiyyəti qurumlardan məlumat əldə etmək bu gün daha asandır. Dövlət və ictimai qurumlar, o cümlədən, seçki prosesinin təşkilinə cavabdeh olan qurumlar suallarımızı və istənilən motivdə olan sorğularımızı qısa müddətdə cavablandırırlar. Ümumiləşdirməklə qeyd edim ki, seçki prosesinin şəffaf və demokratik keçməsi üçün həm namizədlərə, həm mediaya, həm də seçicilər üçün bütün şərait yaradılıb.