İsveçdə bələdiyyə məclisinin üzvü: “Beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə marağı böyükdür”

İsveçdə bələdiyyə məclisinin üzvü: “Beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə marağı böyükdür”

İsveçin Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə Miqrasiya və İnzibati məhkəməsinin andlı iclasçısı Turan Əliyevin secki-2024.az saytına müsahibəsini təqdim edirik.

Əvvəlki seçkilərdə ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi necə təşkil edilib? Təcrübəyə əsasən deyə bilərikmi fevralın 7-də keçiriləcək prezident seçkilərində İsveçdə yaşayan vətəndaşlarımızın səsvermə hüququ tam təmin ediləcək?

- İsveçdə və digər Skandinaviya ölkələrində səsvermə hüququ olan soydaşlarımız Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyində səs verəcəklər. Seçicilər 50 saylı seçki məntəqəsinə gedərək, səsvermə hüququndan istifadə edəcəklər. İnanıram ki, diplomatik nümayəndəliyimiz tərəfindən seçicilərin səsvermə hüququ tam təmin olunacaq, seçki azad, demokratik və şəffaf şəkildə keçiriləcək.

İsveçdə yaşayan vətəndaşlarımıza seçkilərlə bağlı hansı maarifləndirici məlumatlar verilib?

- Seçkilər haqqında ümumi maarifləndirici məlumatlar əsasən İsveç də daxil olmaqla Skandinaviya ölkələrində akkreditə olunmuş AZƏRTAC dövlət informasiya agentliyi, həmçinin, səfirliyimizin informasiya resurslarında yayılır. Bununla yanaşı, konsulluq əməkdaşları Azərbaycan vətəndaşları ilə birbaşa təmaslar quraraq, səsvermə hüququ olan şəxslərin seçici siyahısında qeydə alınmaları prosesini həyata keçirir.

Azərbaycanın seçki mühiti, demokratik seçki prinsiplərinin qorunması ölkə hüdudlarından kənarda necə görünür?

- Azərbaycan seçki təcrübəsi olan bir dövlət kimi demokratik seçkilərin keçrilməsini hər zaman təmin edib. Beynəlxalq təşkilatların və media nümayəndələrinin ölkəmizdəki seçkilərə marağı olduqca böyükdür. Bununla yanaşı, seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyəcək. Hesab edirəm ki, 7 fevral prezident seçkiləri demokratik seçki nümunələrindən biri olacaq.