Yepiskop Vladimir Fekete: “Bu seçkilər Azərbaycan xalqının keçdiyi yola münasibətinin ifadəsinə çevriləcək”

Yepiskop Vladimir Fekete: “Bu seçkilər Azərbaycan xalqının keçdiyi yola münasibətinin ifadəsinə çevriləcək”

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı  secki-2024.az saytının suallarını cavablandırıb.

- Azərbaycanda bu il prezident seçkiləri ilidir. Prezident seçkilərinin bir ölkə üçün, xüsusilə Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyin formalaşması və möhkəmlənməsi yolunda çətin, dramatik yol keçib. Azərbaycan xalqı Qarabağ müharibəsi kimi ağır sınaqla üzləşməli olub. Aparıcı dünya dövlətlərinin strateji maraqlarının kəsişdiyi bu mürəkkəb regionda ölkə qarşısında çətin vəzifə – siyasi və iqtisadi böhrandan çıxış, XX və XXI əsrlərin qovşağında geosiyasi mozaikada öz yerini tapmaq və milli təhlükəsizliyi təmin etmək dayanırdı. Azərbaycanın bu vəzifənin öhdəsindən gəlməsi isə bir vaxtlar sabitlik, praqmatizm, balanslaşdırılmış siyasi kursun davamlılığını seçən  cəmiyyətin siyasi yetkinliyi və müdrikliyi ilə bağlıdır. Bu gün hamımız görürük ki, dünya yeni dövrə qədəm qoyur, öyrəşdiyimiz geosiyasi və sosial reallıqlar sürətlə dəyişir. Tanrıya şükürlər olsun ki, Azərbaycan öz milli maraqlarına əsaslanan çoxvektorlu əməkdaşlığa açıq və özünə güvənən müasir bir dövlət kimi bu yeni dünya reallıqlarına daxil olur. Hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycan xalqının keçdiyi yola münasibətinin ifadəsinə çevriləcək, müəyyən nəticəyə yekun vuracaq. Bu seçkilər, həm də xalqın öz dövlətini milli mənsubiyyət və siyasət mədəniyyətinə hörmət əsasında, bütün müasir çağırışlara müdrikliklə cavab verərək daha da möhkəmləndirmək iradəsini təsdiq etmək məqsədi daşıyır.

- İlk dəfədir ki Azərbaycan prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Məhz bu baxımdan, qarşıdan gələn seçkilər Azərbaycan üçün hansı vacib mənanı daşıyır?

- Qarşıdan gələn növbədənkənar prezident seçkiləri ölkə həyatında təkcə siyasi hadisə kimi yox, həmçinin xüsusi rəmzə malik hadisə adlandırılıb. Qeyd olunduğu kimi, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib, bu isə o deməkdir ki, ağır müharibə və düşmənçilik illəri arxada qalıb, hazırda bütün regionun tarixində yeni bir səhifə - sülh, quruculuq, əməkdaşlıq və qarşılıqlı hörmət səhifəsi açmaq üçün tarixi şans var.

- Azərbaycanda indiyə qədər baş tutan seçkilərlə bağlı müşahidələrinizi bizimlə bölüşə bilərsiniz?

- Mən 15 ilə yaxındır ki, Azərbaycanda katolik kilsəsinə rəhbərlik edirəm və ölkədəki seçki proseslərinin şahidi olmuşam. Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti öz Vətəninin həyatında baş verən belə taleyüklü hadisələrə həmişə böyük məsuliyyətlə yanaşır, seçkilər zamanı yüksək fəallıq nümayiş etdirir.

- Prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı səmimi arzularınızı ünvanlamaq istərdiniz ?

- Bildirdiyim kimi, 2009-cu ildən yerli kilsədə ordinariy vəzifəsində xidmət edirəm, Papa Fransisk 2018-ci ildə məni Azərbaycanda Katolik Kilsənin yepiskopu təyin etdikdən sonra Azərbaycan mənim ikinci Vətənim oldu. Azərbaycan və onun xalqı mənim qəlbimdə xüsusi yer tutur. Uca Tanrı Azərbaycan xalqına bir daha sabit inkişaf, dialoq, əməkdaşlıq və sülh, bu gözəl ölkənin bütün sakinlərinin rifahı naminə müdrik seçim etməyə kömək etsin!