Günay Əfəndiyeva: “Azərbaycanda keçiriləcək prezident seçkiləri Türk dünyası üçün böyük əhəmiyyət daşıyır”

Günay Əfəndiyeva: “Azərbaycanda keçiriləcək prezident seçkiləri Türk dünyası üçün böyük əhəmiyyət daşıyır”

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat və ictimai xadim Günay Əfəndiyeva secki-2024.az saytına fevralın 7-nə təyin edilmiş prezident seçkilərilə bağlı qısa müsahibə verib.

 Günay xanım, Azərbaycan fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Bu barədə nə deyə bilərsiniz? Siz səsvermədə iştirak edəcəksinizmi?

 -​ Bəli, əlbəttə, seçkilərdə iştirak edəcəyəm. Əminəm ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri 44 günlük böyük Zəfər və parlaq sentyabr Qələbəsindən sonra Azərbaycanda yeni tarixi eranın başlanğıcı kimi yadda qalacaq. Bu il müstəqilliyimizin bərpasından sonra ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, əzəli torpaqlarını qaytarmış, beynəlxalq aləmdə özünün, sözünün nüfuzunu qətiyyətlə təsdiqləmiş ölkə kimi Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycan vahid gücün, əzmin, Vətən sevgisinin haqq-ədaləti təmin etməyə qadir olduğunu göstərdi. Eyni zamanda, qarşıdan gələn seçkilər beynəlxalq aləmi bürüyən ikili siyasi standartlar şəraitində Azərbaycanın iradəsini, çəkilməzliyini və prinsipallığını nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa və yenidənqurma işləri aparılır, 30 illik həsrətdən sonra insanlar doğma torpaqlarına, doğma yurdlarına qayıdırlar. Bu isə Azərbaycan dövlətinin qadirliyinin, aparılan düzgün siyasətin, qurmaq, yaratmaq əzminin göstəricisidir.

 Siz Türk Dünyasının qədim və zəngin mədəniyyətini, çoxəsrlik dəyərlərini beynəlxalq səviyyədə uzun müddət təmsil və təbliğ etmisiniz. Qarşıdan gələn seçkilərin Türk Dünyası üçün əhəmiyyətini necə səciyyələndirərdiniz?

 - Bilirsiniz ki, son illər ərzində zamanın çağırışı və reallığı qarşısında ortaq soy-kökə, ənənələrə söykənən Türk Dünyasında ideologiya birliyi, hərtərəfli inteqrasiya prosesi günü-gündən daha da gücləndirilməkdədir. Türk dövlətlərinin gün keçdikcə daha da möhkəmlənən bu birgəliyində, sıx əməkdaşlığında Azərbaycan önəmli rol oynamaqdadır. Şübhəsiz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər, eləcə də sentyabr Qələbəsi yeni Türk tarixinə qızıl hərflərlə həkk olunaraq, həm də ümumtürk həmrəyliyinin gücləndirilməsinə müstəsna töhfə verdi. Bu baxımdan qardaş Türk dövlətlərinin çiyin-çiyinə irəliləməsinə daim böyük dəstək göstərən Azərbaycanda keçiriləcək prezident seçkiləri Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim insanlarımız, harada olursa-olsun, bu vətəndaş məsuliyyəti ilə öz borcunu yerinə yetirməklə yanaşı, bu tarixi seçkilərdə həmrəyliklərini bir daha nümayiş etdirəcəklər.