İsveçdə bələdiyyə məclisinin üzvü: “Beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə marağı böyükdür”
İsveçin Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə
Miqrasiya və İnzibati məhkəməsinin andlı iclasçısı Turan Əliyevin secki-2024.az
saytına müsahibəsini təqdim edirik.
Əvvəlki seçkilərdə ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi
necə təşkil edilib? Təcrübəyə əsasən deyə bilərikmi fevralın 7-də keçiriləcək
prezident seçkilərində İsveçdə yaşayan vətəndaşlarımızın səsvermə hüququ tam təmin
ediləcək?
- İsveçdə və digər Skandinaviya ölkələrində səsvermə hüququ olan soydaşlarımız
Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyində səs verəcəklər. Seçicilər 50
saylı seçki məntəqəsinə gedərək, səsvermə hüququndan istifadə edəcəklər. İnanıram
ki, diplomatik nümayəndəliyimiz tərəfindən seçicilərin səsvermə hüququ tam təmin
olunacaq, seçki azad, demokratik və şəffaf şəkildə keçiriləcək.
İsveçdə yaşayan vətəndaşlarımıza seçkilərlə bağlı hansı maarifləndirici məlumatlar
verilib?
- Seçkilər haqqında ümumi maarifləndirici məlumatlar əsasən İsveç də daxil
olmaqla Skandinaviya ölkələrində akkreditə olunmuş AZƏRTAC dövlət informasiya
agentliyi, həmçinin, səfirliyimizin informasiya resurslarında yayılır. Bununla
yanaşı, konsulluq əməkdaşları Azərbaycan vətəndaşları ilə birbaşa təmaslar
quraraq, səsvermə hüququ olan şəxslərin seçici siyahısında qeydə alınmaları
prosesini həyata keçirir.
Azərbaycanın seçki mühiti, demokratik seçki prinsiplərinin qorunması ölkə
hüdudlarından kənarda necə görünür?
- Azərbaycan seçki təcrübəsi olan bir dövlət kimi demokratik seçkilərin keçrilməsini
hər zaman təmin edib. Beynəlxalq təşkilatların və media nümayəndələrinin ölkəmizdəki
seçkilərə marağı olduqca böyükdür. Bununla yanaşı, seçkiləri çoxsaylı yerli və
xarici müşahidəçilər izləyəcək. Hesab edirəm ki, 7 fevral prezident seçkiləri
demokratik seçki nümunələrindən biri olacaq.