Mikayıl Oyta: “Bu seçkilər qonşu dövlətlərə Azərbaycan modelinin effektivliyini göstərir”
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oytanın "Seçki 2024" Müstəqil Media Mərkəzinə müsahibəsi
- Sentyabrın 1-də Azərbaycanda Milli Məclisə
keçiriləcək seçkilərin həm ölkə, həm də regional siyasət üçün əhəmiyyəti nədən
ibarətdir?
- Bu seçkilər Azərbaycanın daxili və xarici siyasətində yeni mərhələyə keçidinin
elementlərindəndir. Milli Məclisə seçkilər, xüsusilə Azərbaycanın Cənubi Qafqaz
regionunda artan nüfuzunu və siyasi sabitliyini təmin etməsi baxımından önəmlidir.
Bu seçkilər ölkənin regiondakı liderliyini möhkəmləndirməklə yanaşı, qonşu dövlətlərə
Azərbaycan modelinin effektivliyini göstərir.
Ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının milli qürurunun yüksəlməsinə,
siyasi müstəqilliyinin daha da güclənməsinə və ölkənin beynəlxalq arenada
mövqeyinin möhkəmlənməsinə səbəb olub. Bu, Azərbaycan üçün tarixi bir məqamdır
və bu seçkilər tam suverenliyini bərpa etmiş bir dövlətin demokratik inkişafı
üçün mühüm addımdır.
- Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı üçün bu seçkilərin
vacibliyi barədə nə deyə bilərsiniz?
- Yeni seçilmiş parlamentin qərarları ölkənin siyasi stabilliyini qorumaqla
yanaşı, iqtisadi islahatların davamlılığını təmin edəcək. Azərbaycanın şaxələnmiş
iqtisadi inkişafa əsaslanan strateji
planlarını bu seçkilərlə daha da möhkəmləndirə bilər. Çünki, sabit və
demokratik ölkə imici xarici investisiyalar üçün daha cəlbedicidir. Azərbaycan uzun
yol qət edərək, seçki təcrübəsi qazanıb və demokratik ənənələrini möhkəmləndirib.
Hər yeni seçki ölkənin seçki sisteminin təkmilləşdirilməsinə, şəffaflığın
artırılmasına və xalqın iradəsinin daha dəqiq əks etdirilməsi üçün imkanların
yaradılmasına səbəb olur. Demokratiyanın inkişafı üçün vacib olan şəffaf və ədalətli
seçki prosesləri Azərbaycanın gələcək uğurları üçün əsasdır. Sentyabrın 1-də
keçiriləcək parlament seçkilərinin Azərbaycanın seçki sistemini daha da təkmilləşdirəcək,
demokratik dəyərlərə sadiqliyini beynəlxalq aləmdə nümayiş etdirəcək.